Kod dünyasında Java digər proqramlaşdırma dilləri arasında ən çox istifadə edilənlərdən biri sayılır. Təsadüfi deyil ki, “Google”, “Amazon”, “Netflix”, “Apple” kimi bir çox nəhəng şirkətlər də öz biznes fəaliyyətlərinin müxtəlif hissələrində Javadan istifadə edirlər. Bəs Javanı yüksək səviyyələrdə bu qədər populyar edən amillər nədir? Bu yazıda bu suala cavab tapa biləcəksən.
Platformalar arası azadlıq
Demək olar ki, bütün cihaz və sistemlərdə “Java” virtual maşının tətbiqinə rast gəlmək olar. Bu Javaya digər dillərlə müqayisədə çox böyük üstünlük verir, çünki bu sayədə Java istənilən biznes üçün uyğunlaşa və əsas seçimə çevrilə bilir.
Çox yönlülük
Javanın bir çox sahədə yüzlərcə tətbiqinin olması onun şirkətlərdəki mövqeyini gücləndirən ən əsas amillərdən biridir. Javanın istifadə imkanları o qədər genişdir ki, onu hər cür interfeysdə, oyunlarda, proqramlarda görmək mümkündür.
Yüksək populyarlığı
“Java” yarandığı gündən etibarən ən çox işlədilən proqramlaşdırma dillərindən biridir. Belə ki, dünya üzərində 9 milyondan çox proqramçı tərəfindən işlədilən “Java”, həmçinin 7 milyarda yaxın cihaz üzərində də fəaliyyət göstərir.
Hərtərəfli olması
“Java” vasitəsilə biznes proqramları, avtomatlaşdırılmış testlər, mobil oyunlar kimi bir çox şey yarada bilərsən. Qısaca desək, əgər kodlaşdırmaq istədiyin nəsə varsa, rahatlıqla Javadan istifadə edə bilərsən. Bu səbəbdən “Java” istənilən sahənin aparıcı şirkətləri tərəfindən istifadə edilən proqramlaşdırma dilidir.
Güclü bağlantılar
Bütün proqramlaşdırma dilləri arasında Java ən çox aktiv üzvü olan topluluğa sahibdir. Bu da Java üçün çox sayda hazır kodların olmasına, yaranan problemlərin həlli üçün kifayət qədər mənbənin mövcudluğuna səbəb olur.